37
lazımdır, məqsədə hansı uyğundursa, onu etmək lazımdır. Deyiblər
ki: „Yaxşının müqəddiməsi utancaqlıqsa, pisin də müqəddiməsi
utancaqlıqdır“.
Nadan adamı adam hesab etmə, əməlsiz alimi isə alim. Elmsiz
pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə. Xüsusilə özlərini
ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan axmaqlarla oturub-durma.
Müdrik adamlardan başqa heç kimlə ünsiyyət saxlama, çünki yaxşılarla
ünsiyyət saxlayanın adı da yaxşıya çıxar. Görmürsənmi, yağı küncütdən
alırlar, lakin küncüt yağını bənövşə, ya qızılgüllə qarışdırdıqda və ya bir
müddət onlarla bir yerdə saxladıqda yaxşıların kəraməti sayəsində artıq
ona küncüt yağı deyil, qızılgül yağı və ya bənövşə yağı deyirlər?!
Yaxşıların məsləhətlərini və onların yaxşı işlərini unudub naxələf
çıxma. Möhtaca etdiyin yaxşılığı başına vurma. Yaxşılığı başa vurmaq
yaxşılıq etməmək kimi bir şeydir. Xoşxasiyyət və insanpərvər olmağı
özünə peşə et, pis adətlərdən qaç və ziyankar olma, ziyankarlığın
səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın
bəhrəsi alçalmaq olar. Çalış səni tərifləyən xalq olsun, bir neçə cahil
olmasın, çünki cahillərin mədh etdiyi, alimlər içərisində pislənir.
Hekayət. Deyirlər ki, bir gün Əflatun
20
şəhərin adlı-sanlı adamları ilə
bir yerdə oturub söhbət edirdi. Birisi onun görüşünə gəlib salam verdi,
yanında oturub ordan-burdan danışdıqdan sonra dedi: Ey filosof, bu
gün filankəsi gördüm, sənin barəndə danışır və tərifləyərək deyirdi:
Əflatun çox böyük filosofdur, indiyə kimi onun kimisi olmayıb və
olmayacaqdır. İstədim onun tərifini sənə çatdıram“.
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb ağladı, bərk qanı
qaraldı, halı pozuldu.
O kişi dedi: „Ey filosof, mən sənə nə dedim ki, halın belə pozuldu?“
Filosof Əflatun dedi: „Ey xacə, şəxsən sən mənə elə bir ağır söz
demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri məni
tərifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq
etmişəm ki, onun təbiətinə yaxın olmuşam, tövbə edib o işdən əl
çəkərdim. Halımın pozulması ondadır ki, mən hələ də nadanam, çünki
nadanların təriflədikləri adamlar yalnız nadanlar olar“.
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA