43
həmən cücü əhvalatının düzlüyü haqqında qazi, rəis, xətib, üləma və
bütün etimadlı adamlar tərəfindən imza edilmiş bir arayış gətirsin.
Dörd ay zəhmətdən sonra mən həmin arayışı alıb əmir Bus-Suvarın
qarşısına qoydum. Oxuyub güldü və dedi: “Mən özüm bilirəm ki,
sənin kimi adamdan yalan çıxmaz, xüsusilə, mənim yanımda, lakin elə
də doğru danışmaq lazım deyil ki, inandırmaq üçün dörd ay zəhmət
çəkib iki yüz mötəbər adamın imzası ilə sənəd hazırlayasan!”
Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər, nə
deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, lakin
bilməzlər, birini bilərlər lakin deməzlər. Bilinməyən və deyilməyən
sözlər dinə ziyanı olanlardır, bilmək lazım olmayıb deyiləsi sözlər
Haqq-Taalanın Kitabında, Peyğəmbərin hədislərində, elmi kitablarda,
üləmanın əsərlərində olan sözlərdir, çünki belə sözlərin şərhi yalnız
təqliddən ibarət olar, onlardakı ziddiyyət, ixtilaf və çətinlikləri açıb
göstərmək vəhydən xəbər vermək və ona bənzər kimi bir şeydir. Həm
bilməli, həm deməli sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya
lazım olan, yəni hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin
həm danışana, həm də dinləyənə faydası olar. Bilib deyilməyəsi sözə
misal onu göstərmək olar ki, böyük bir adamın və ya bir dostun
sənin yanında bir eybi ola, ya ehtimal üzündən və ya işin gedişindən
elə güman edəsən ki, o, şəriətə düz gəlmir, desən, ya həmin böyük
adamın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan vurarsan, ya
qara camaatın tənəsinə məruz qalarsan. Belə bir söz, bilib deyiləsi
mümkün olmayan sözdür. Dediyim bu dörd növ sözün ən yaxşısı
odur ki, həm bilmək olar, həm də demək. Lakin bu dörd növ
sözün hərəsinin iki üzü vardır: biri gözəl, biri çirkin. Camaat
arasında danışarkən gözəllərini danış ki, xalqın xoşuna gəlsin və
qabiliyyətlərinin dərəcəsi məlum olsun. Böyük və ağıllı adamları
sözlərinə görə tanıyarlar, sözləri adamlara görə yox. Hər adam
öz sözünün altında gizlənmişdir. Əli Əmirəlmöminin belə
demişdir: “Hər kəs öz dilinin altında gizlənmişdir”. Söz var, bir
cürə deyərsən,insanın ruhu təzələnər, başqa cür deyərsən,
adamın qəlbi kədərlənər.
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA