57
Buna görə qoca cavanlıq fikrinə düşüb özünü cavan kimi
aparmamalıdır.
Həmişə qocalara qarşı mərhəmətli ol, çünki qocalıq elə bir xəstəlikdir
ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa
heç bir həkim onu sağalda bilməz. Ona görə qoca ölməyincə canını
əziyyətdən qurtara bilməz. Hər xəstəlikdə yaxşılaşmaq ümidi var,
qocalıqdan başqa. O, hər gün ağırlaşar və yaxşılaşmaq ümidi olmaz. Bir
kitabda oxumuşam ki: “Adam otuz dörd yaşına qədər hər gün boyca və
qüvvətcə artar, otuz dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb
əskilməz (Günəş də zirvəyə çatdıqda batana qədər yavaş hərəkət edir),
qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha zəiflik hiss
edər. Əgər həştaddan çox yaşasa, saatbasaat dərdi və əziyyəti artır”.
Nərdivanın pilləsi qırx olduğu kimi, ömrün də həddi qırx ildir,
pilləkənin kəlləsində yuxarıya yol tapa bilmədiyin üçün qalxdığın yolla
yenə də aşağı enməyə məcbur olacaqsan.
Hər saat dərd və əziyyətinin üstünə yeni ağrı və sancı artan bir
adam şadlana bilərmi?
Ey oğul, görünür, qocalıqdan sənə çox şikayət etdim. Nə etməli?
İnsanların qocalıqdan çox gileylənməsi heç də təəccüblü deyil, çünki
qocalıq düşməndir, düşməndən isə şikayət edərlər. Necə ki mən demişəm:
Ondan şikayət etsəm, təəccüblənmə məndən,
O mənim düşmənimdir, giley olar düşməndən!
Ey oğul, mənim ən yaxın dostum sənsən, düşməndən isə şikayəti
yalnız dostlara edərlər. Allah qoysa, sən də mənim kimi bu şikayəti öz
övladının övladına edəcəksən. Bu barədə mənim iki beytim də vardır:
Qocalıqdan, ah, kimə edim şikayət?
Sənsən dərman bu dərdə, digəri yoxdur.
Ey qoca, gəl, dərdimi söyləyim sənə,
Cavanların bu dərddən xəbəri yoxdur…
Odur ki, qocalığın iztirabını qocalardan başqa heç kəs başa düşməz.
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA