93
Xidmətçilərin ümidi qırılar. Xalq sənə nifrət edər. Camaat ürəklərində
sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr nahaq qan üstündə
verilər. Lakin mən kitablarda oxumuşam, təcrübədən də görmüşəm ki,
nahaq qanın cəzasını elə bu dünyada da çəkərlər. Əgər adamın öz taleyi
uğurlu olsa, bəla onun övladına yetişər. Buna görə, özünə və balalarına
yazığın gəlsin, nahaq qan tökmə. Lakin haqq qanın axıdılmasında
da kahıllıq göstərmə, işlərinə ziyan dəyər. Məsələn, mənim babam
Şəmsülməalı haqqında nağıl edirlər ki, o, çox qəddar adam imiş və heç
kəsi bağışlamazmış. Çox pis adam imiş, buna görə qoşun ona nifrət
edirmiş. Qoşun mənim əmim Fələkülməali ilə əlbir olur, o, məcburiyyət
üzündən gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: “Sən bu
işdə bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik”. Şahlığın
öz xanədanının əlindən çıxacağını gördükdə zərurət üzündən, şahlıq
xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu bağladılar, kəcavəyə
mindirdilər, inanılmış adamlardan ibarət keşikçi qoydular və Kənaşı
qalasına göndərdilər. Onu yola salanlar içərisində Abdullah adlı bir
adam var idi. Yolda Şəmsülməali həmin adama deyir: “Ya Abdullah,
bu işin kim tərəfindən edildiyini, bu tədbirin necə həyata keçirildiyini
bilirsənmi? Necə oldu ki, mən bu işdən xəbər tutmadım?” Abdullah
deyir ki, bunu filankəslər və filankəslər etmişlər. Beş sipəhsaların adını
çəkir, deyir: “Bu işi onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar,
bu işdə mənim də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə,
özündən gör, çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin
çoxlu adam öldürməyindir”. Şəmsülməali deyir: “Səhvin var, bu iş
mənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş ağıllı
qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış olaydı.
Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm özüm salamat
qalardım”.
Bunu deyirəm, biləsən ki, görülməsi zəruri olan işlərdə ehmallıq
etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən. Bir də ki, adam
axtalatmağı özünə adət etmə, bu, qan tökməyə bərabər bir şeydir. Öz
şəhvətin xatirinə bir nəslin kökünü kəsirsən, bundan daha ağır zülm
ola bilməz. Sənə xədim lazımsa, xədim edilmiş tap ki, onun günahı
başqasının boynunda olsun, sən bu günaha batmayasan.
DÖYÜŞ HAQQINDA