20 fevral 2009

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı elmi konfrans keçirib

Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyi Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı Uludağ Universitetində “Dünəndən bu günə Qarabağ problemi və Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirmişdir. Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu, Bursa şəhəri bələdiyyələrinin rəisləri, Uludağ Universitetinin müəllim və tələbələri, KİV nümayəndələri iştirak etmişlər.


Uludağ Universitetinin rektorluq binasında Türkiyə və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayan konfransı Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov açdı. O, Heydər Əliyev Fondunun Xocalı faciəsinin unudulmaması və dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində gördüyü işlər, həmçinin Ermənistan Respublikasının və erməni diasporunun çeşidli psixoloji müharibə fəaliyyətləri, yalan və iftiralarla dolu təbliğatları barədə iştirakçıları məlumatlandırdı.

 

Konfransda çıxış edən Bursa Yıldırım bələdiyyəsinin rəisi Özgən Kəskin, Uludağ Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin dosenti Barış Özdal, hüquq professoru Mehmet Genç, Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı Qarabağ probleminin tarixi kökləri haqqında danışaraq problemin siyasi və hüquqi aspektdən analizini vermiş, Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin ikili standartlarla yanaşdığını konfrans iştirakçılarının diqqətinə çatdırmışlar. Məruzəçilər Azərbaycanın günü-gündən inkişaf etdiyini vurğulamış, ölkəmizin istər sülh, istərsə də müharibə yolu ilə öz torpaqlarını geri qaytarmaq qüdrətində olduğunu bildirmişlər.

 

Konfrans iştirakçıları Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət kimi qiymətləndirmiş, faciə ilə bağlı beynəlxalq arenada görülə biləcək hüquqi işlər haqqında müzakirələr aparmışlar.