2 may 2009

Səhiyyə Nazirliyində Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib

Mayın 2-də Səhiyyə Nazirliyində Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirmişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

 

2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən ümummilli liderin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur.

 

Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən beş ildə ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək vermişdir. Fond digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi idi. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər.

 

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal dioqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Layihə çərçivəsində İtaliya, Türkiyə, Yunanıstan və İsrailin talassemiya ilə mübarizə sahəsində təcrübəsi öyrənilmişdir. Bir sıra ölkələrin talassemiya sahəsində tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilərək müzakirələr, təcrübə mübadiləsi aparılmışdır. Bütün bunlar yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynamışdır. Həmçinin müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsidir. Mərkəz artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.

 

Sonra Heydər Əliyev Fondunun 5 illik fəaliyyəti dövründə səhiyyə sahəsində görülən işləri əks etdirən “Həyat Çırağı” adlı film nümayiş olunmuşdur.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirmişdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond təhsil, mədəniyyət, elm, səhiyyə, ekologiya idman və digər sahələrdə bir sıra mühüm layihələr həyata keçirmişdir.


Heydər Əliyev Fondunun uğurlu fəaliyyətində qurumun xarici ölkələrdə yaradılan nümayəndəliklərinin rolundan danışan Anar Ələkbərov, Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.

 

Bildirilmişdir ki, Fond müxtəlif xəstəliklərə düçar olmuş insanlara humanitar yardım məsələsini daim diqqət mərkəzində saxlayır. Əgər 2003-cü ildə Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 214 xəstə dövlət hesabına hemodializ seansları alırdısa, hazırda 14 mərkəzdə 1145 xəstə pulsuz müalicə olunur. Bu, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yeni yaradılan dializ mərkəzləri və Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən ən müasir tibb avadanlığı hesabına mümkün olmuşdur.

 

Diqqətə çatdırılmışdır ki, 2006-cı ilin avqust ayınadək Fondun dəstəyi ilə 2500-dən çox insana yardım göstərilmişdir ki, onlardan çoxu ürək xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların zəruri tibbi müayinəsi üçün xarici ölkələrə göndərilməsinə mütəmadi yardım etmişdir.


Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.

Ölkənin müxtəlif bölgələrində səhiyyə ocaqlarının tikilməsi, bir sıra xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmışdır.

 

Vurğulanmışdır ki, yeni tibb müəssisələrinin açılması, səhiyyə sahəsində aparılan islahatlar Fondun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

 

Akademik Adilə Namazova və Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Fondun 5 illik fəaliyyətini yüksək qiymətləndirmişlər.


Tədbirdə xüsusi vurğulanmışdır ki, Fondun milli mədəni irsimizin qorunub saxlanması və təbliğində də xidmətləri əvəzsizdir.

 

Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması işində müstəsna xidmətlərinə görə bu mötəbər təşkilatın mükafatına layiq görülmüşdür.