M.ALIYEVA-SURIYA-1-CI XANIM-TALASSEMIYA MARKAZI .JPG
8 iyul 2009

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma Əl-Əsəd Talassemiya Mərkəzində olublar

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, Suriyanın birinci xanımı Əsma əl-Əsəd və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva iyulun 8-də Talassemiya Mərkəzində olmuşlar. 

 

Səhiyyə naziri Oqtay Şirəliyev mərkəz barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunan və yenicə istifadəyə verilən mərkəz həmin xəstəliyə düçar olanlar və onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.

 

Baş həkim Azər Kərimov qonaqları mərkəzlə yaxından tanış etdi. Azərbaycanın və Suriyanın birinci xanımlarına məlumat verildi ki, hazırda ölkəmizdə min nəfərə yaxın talassemiyalı xəstə vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət altındadır. Mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir.

 

Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılmışdır. Qeyd olundu ki, burada donorlardan götürülən qan dərhal müayinə edilir.

 

Mehriban xanım Əliyeva və xanım Əsma əl-Əsəd mərkəzin üçüncü mərtəbəsində yerləşən reanimasiya palatasına, manipulyasiya və transplantasiya otaqlarına, sterilləşdirmə mərkəzinə baxdılar. Bildirildi ki, burada sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı fəaliyyət göstərir. Xəstələr xüsusi qapalı şəraitdə 100 gün ərzində müalicə alırlar.

 

Sonra qonaqlar 2-ci mərtəbədə yerləşən transfuziya zalı və 12 otaqdan ibarət klinika, manipulyasiya, iri sahəli ümumi laboratoriya, şüa diaqnostikası otaqlarına baxdılar. Suriya Prezidentinin xanımı transfuziya zalında müalicə alan uşaqlarla səmimi söhbət etdi, onların vəziyyəti ilə maraqlandı. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.

 

Çay süfrəsi arxasında davam edən söhbət zamanı xanım Əsma əl-Əsəd ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirdi.


FOTO