15 dekabr 2008

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gecəsi keçirilib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan klubu Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gecəsini keçirmişdir.


Bir neçə il əvvəl ulu öndərə Rusiyanın bu mötəbər ali məktəbinin fəxri doktoru adı verilmişdi. Həmin gün də XX əsrin görkəmli siyasi xadiminin xatirəsini anmaq üçün buraya tələbələr, professor-müəllim heyəti, Azərbaycan səfirliyinin nümayəndələri gəlmişdilər.

 

Xatirə gecəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təqdim olunmuş və ümummilli liderin həyatının müxtəlif mərhələlərini əks etdirən sənədli filmin nümayişi ilə başlamışdır.

 

MDBMİ-nin diplomatiya kafedrasının aspirantı Natiq Əliyev gənclər adından çıxış edərək bildirmişdir ki, görkəmli dövlət xadimi, nadir şəxsiyyət və böyük siyasətin dahi qrossmeystri Heydər Əliyev azərbaycanlılara özünə inam, gələcəyə ümid və Vətənə sonsuz məhəbbət hissini qaytarmışdır. Bütün xalqımız kimi, Moskvada təhsil alan Azərbaycan gəncləri də dahi liderin nurlu xatirəsini daim uca tutacaqlar. O, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev haqqında dediklərini xatırlamışdır: “O, bizimlə olmasa da, onun siyasəti, onun fəlsəfəsi yaşayır, onun yaratdığı müstəqil Azərbaycan yaşayır və daim yaşayacaqdır”.

 

Gecəyə dəvət olumuş dramaturq Rüstəm İbrahimbəyov, Heydər Əliyevin köməkçisi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin müşaviri Yuri Soloduxin, Nazirlər Şurası Sədri Katibliyinin müdir müavini Vladimir Uxov, DTK-nın polkovniki Georgi Pozdorovkin dahi siyasi xadim və nurlu insan barədə unudulmaz xatirələrini bölüşmüş, ulu öndərlə işlədikləri vaxtlarda onun həyatından maraqlı epizodlar danışmışlar. Bildirilmişdir ki, Heydər Əliyev dövrümüzün görkəmli siyasətçiləri sırasına əbədi daxil olmuş dünyamiqyaslı şəxsiyyətdir.

 

Foyedə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən fotosərgi açılmışdı.