Tibb müəssisələrinin yenidən qurulması və inşası

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda tibb müəssisələrinin yenidən qurulması və inşası həyata keçirilir. Xəzər rayonunun Türkan qəsəbəsində poliklinika və təcili tibbi yardım stansiyası, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Zirə qəsəbəsində Müalicə Diaqnostika Mərkəzi, Pirşağı qəsəbəsində 34 nömrəli Şəhər Səhiyyə Kompleksi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi yenidən qurulmuş və müasir avadanlıqla təchiz edilmişdir. Qala qəsəbəsində 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının filialı, Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa olunmuş və müasir avadanlıqla təchiz olunmuşdur.


Fond dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə davamlı olaraq əməkdaşlıq edir. “Fresenius Medical Care”, “Karl-Storz”, “Servier” kimi nüfuzlu şirkətlər, həmçinin Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrinə təqdim edilmişdir.