1.jpg
27 mart 2014

Vaşinqtonda Heydər Əliyev Fondunun ABŞ-ın “Urban Alliance” təşkilatı ilə birgə layihəsinin təqdimatı olub

Martın 27-də Heydər Əliyev Fondunun ABŞ-ın “Urban Alliance” (Şəhər Alyansı) təşkilatı ilə yeni layihəyə başlanılması münasibətilə tədbir keçirilib. “Urban Alliance” təşkilatının əsas məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə Fond haqqında, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurumun ildən-ilə artan fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. Mehriban Əliyevanın təhsilə ayırdığı diqqət və gənclərə göstərdiyi qayğını xüsusi vurğulayan C.Paşayeva-Seyidzadə bu mənada Heydər Əliyev Fondu və “Urban Alliance” təşkilatının oxşar cəhətlərə malik olduğunu bildirdi.

 

“Urban Alliance” təşkilatı ilə birgə layihədən danışan C.Paşayeva-Seyidzadə bu layihənin ilk iştirakçılarının seçiminin 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyini və bu münasibətlə Fondun dəstəyi ilə iş təcrübəsi keçəcək birinci üç iştirakçının layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini söylədi.

 

Sonra Heydər Əliyev Fondunun fəaliyyətini əks edən film nümayiş etdirildi.

 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlar barədə danışdı. O, Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətini önə çəkərək, Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərdi, eləcə də “Urban Alliance” təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci üç gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını söylədi. E.Süleymanov, həmçinin birgə layihənin xalqlarımız arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirdi.

 

“Urban Alliance” təşkilatının idarə heyətinin rəhbəri Mari Zients, prezident İşuana Smit və strateji tərəfdaşlıq üzrə direktor Meqan Vudberi çıxış edərək qurumun fəaliyyət istiqamətləri haqqında danışdılar, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını və bu əməkdaşlığın uğurlu olacağına əminliklərini bildirdilər.

 

Daha sonra tədbir iştirakçıları “Urban Alliance” təşkilatı haqqında filmə baxdılar.


FOTO