28 dekabr 2011

Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.


“Eurovision” mahnı müsabiqəsinin təskili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki zəngin təcrübəsini ölkəmiz üçün önəmli olan bu layihəyə yönəltməyə razılıq vermişdir.


Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatçılığı bu yarışmada ölkəmizin uğurla təmsil olunmağında mühüm rol oynamışdır.


“Eurovision” mahnı müsabiqəsi həm də Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya daha yaxşı tanıdılması üçün əhəmiyyətli bir hadisədir. Bu baxımdan sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu ilə əməkdaşlıq istər təşkilati, istərsə də təbliğat sahəsində önəmli hesab olunur.


İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, “Eurovision” mahnı müsabiqəsi həftələrində “Eurovillige”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.


Paylaş: