007.JPG
21 oktyabr 2011

Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında Anlaşma Memorandumu imzalanıb

Oktyabrın 21-də “Hilton Baku” otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanmışdır.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.  

 

Tədbirdə çıxış edən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura bu prosesə verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür etdi. Bu tədbirin milli mövqenin bəyan edilməsi üçün əla fürsət olduğunu deyən F.Akçura Azərbaycan gəncliyinin nümayəndəsi  Leyla xanım Əliyevanın elan etdiyi Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoqun xüsusi əhəmiyyətini vurğuladı.

 

Gələn il Rio de Janeyroda keçiriləcək konfransa qədər əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi bu ilin noyabrında gənclər üçün təşkil olunacaq beynəlxalq düşərgənin yaradılması ideyasının da böyük maraq doğurduğunu bildirdi.

 

Azərbaycanın hər zaman ətraf mühitlə bağlı məsələlərdə təşəbbüskarlıq göstərdiyini deyən F.Akçura sovet dövründə böyük ekoloji problemlərlə üzləşən bu ölkənin hazırda ekoloji tarazlığın qorunması işinə böyük vəsait xərclədiyini vurğuladı. O, həmçinin Azərbaycanın dünyada dayanıqlı inkişafla bağlı xüsusi mövqe nümayiş etdirdiyini diqqətə çatdırdı.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış etdi.

 

Sonra Leyla xanım Əliyeva və Fikrət Akçura Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək “Rio+20” konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzaladılar.

 

Mərasimdə Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq – IDEA-nın internet saytının (www.ideacampaign.org) təqdimatı keçirildi.

 

Qeyd edək ki, layihə 2012-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Dayanıqlı İnkişaf üzrə BMT Konfransı üçün hazırlıq prosesində gənclərin iştirakını təşviq etmək məqsədi daşıyır. Layihənin digər məqsədi isə gənclərin ölkədə dayanıqlı inkişafına nail olunması istiqamətində ortaya çıxan çatışmazlıqların aradan qaldırılmasına dair fikirlərinin nəzərə alınmasına şərait yaratmaqdır.

 

Cari il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülən Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq təşəbbüsü gənclərin dayanıqlı inkişaf üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynayır.

 

Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 



FOTO

Paylaş: