002.JPG
16 yanvar 2008

Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəyə dair sənədlər imzalanıb


Yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəyə dair sənədlərin imzalanma mərasimi olmuşdur.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN XANIM ƏLİYEVA mərasimi açaraq dedi:


- Hörmətli xanımlar və cənablar,


Bildiyiniz kimi, Heydər Əliyev Fondu qısa bir zamanda ölkəmizdə böyük hörmətə malik olan təşkilata çevrilibdir. Əlbəttə, bu hörmət və dəstək Heydər Əliyev Fondunun fəaliyyəti ilə qazanılıbdır. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı naminə, sosial problemlərin həlli naminə çox fəal işlər görür, bir sıra irimiqyaslı humanitar layihələr həyata keçirir.


Yəqin ki, siz bilirsiniz, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə 200 yeni məktəb inşa olunmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondunun bu təşəbbüsü dövlət tərəfindən dəstəklənib və 3 il ərzində ölkəmizdə 1300 yeni məktəb inşa olunubdur.


“Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə 30 uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini biz daim diqqət mərkəzində saxlayırıq.


Səhiyyə sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. “Talassemiyasız həyat” layihəsi çərçivəsində ölkəmizdə böyük Talassemiya mərkəzi inşa olunur. O da ən müasir avadanlıqla təmin ediləcəkdir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkəmizdə diabetdən əzab çəkən 14 yaşına qədər hər bir uşaq yüksək keyfiyyətli insulinlə təmin olunur.


Bununla yanaşı, Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətini də səmərəli qurur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bizim əməkdaşlığımız var.


Mədəniyyət sahəsində YUNESKO və İSESKO ilə əməkdaşlıq edirik, BMT-nin İnkişaf Proqramı ilə biz çox vacib layihə həyata keçirmişik. “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” adlı bu layihə çərçivəsində həmin insanlar üçün Bakıda yeni bir mərkəz inşa olunub, audio kitabxana hazırlanıb və ən müasir kompyuter avadanlığı alınıbdır.


Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatında, sosial problemlərin həllində çox fəal iştirak edir. Bu gün Azərbaycanın yüksək sürətlə həm iqtisadi, həm sosial inkişafı imkan yaradır ki, hər bir ailənin bütün ehtiyacları təmin olunsun və hər bir ailə üzvünün hüquqları qorunsun. Ölkəmizdə qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində son illər bir sıra mühüm tədbirlər həyata keçirilibdir. Xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və o, bu istiqamətdə dövlətin siyasətini həyata keçirir. Digər dövlət qurumları - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi bu istiqamətdə proqramlar hazırlayıb həyata keçirirlər.


Çox sevindirici haldır ki, hazırda Azərbaycanın həm siyasi, həm də ictimai həyatında qadınların rolu və sayı ildən-ilə artır. Amma bununla yanaşı, qadınlara qarşı zorakılıq, ailə zəminində qadınlara, uşaqlara qarşı zorakılıq faktları da qeydə alınır və əlbəttə, bu bizdə narahatlıq doğurur. Siz yəqin bilirsiniz ki, son illər məişət zəminində zorakılıq, ailə zorakılığı bütün dünyada çox ciddi müzakirə olunur və bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Hər bir zorakılıq – məişət zəminində, ailədə zorakılıq insan hüquqlarının ciddi pozulmasıdır. Nəticədə zərər çəkən insanlar öz hüquq və azadlıqlarından istifadə edə bilmir, öz potensiallarını reallaşdırmağı bacarmırlar.


Biz hamımız yaxşı bilirik ki, Azərbaycan öz zəngin ailə ənənələri ilə seçilən bir ölkədir, dünyada tanınan ölkədir. Böyüklərə hörmət, qadınlara, anaya hörmət, uşaqlara qayğı xalqımızın ən gözəl keyfiyyətlərindən biridir. Bu olan halda, əlbəttə, hər hansı bir ailədə qadına qarşı zorakılıq faktı nəinki qanunlara zidd, hesab edirəm ki, həm də etik normalardan kənar bir hərəkətdir. Bu faktları araşdırmaq və problemi aradan qaldırmaq üçün bu gün Heydər Əliyev Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu arasında çox vacib bir layihə imzalanır.


Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihə haqqında ətraflı məlumat verdi.


Şəxsi təşəbbüsünə və layihənin hazırlanmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya və BMT-nin rezident-əlaqələndiricisi Bruno Puezaya minnətdarlığını bildirən Komitənin sədri dedi ki, ölkəmizdə zorakılığın aradan qaldırılması sahəsində görülən tədbirlərin davamı kimi bu layihənin icrasının xüsusi əhəmiyyəti vardır.


Bir çox istiqamətlərdə həyata keçirdiyi humanitar proqramlarla ölkəmizin tərəqqisinə xidmət edən Heydər Əliyev Fondunun layihənin əsas tərəfdaşlarından biri kimi çıxış etməsi zorakılığın bütün formalarının qarşısının alınması sahəsində dövlət tərəfindən görülən işlərə güclü təkan verəcək və bu sahədə fəaliyyət göstərən bütün təşkilatların məsuliyyətini daha da artıracaqdır.


Bildirildi ki, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycanın bütün ərazisini əhatə edir. Bakı şəhəri, Lənkəran, Gəncə və Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionlar kimi seçilmişdir. Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir. Layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən layihəyə beynəlxalq ekspertlərin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, regional seminarların təşkili, müvafiq çap məmulatlarının hazırlanması, orta məktəblərdə insan alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili, kütləvi informasiya vasitələrində maarifləndirmə xarakterli proqramların hazırlanması, gender əsaslı zorakılıq qurbanları üçün xidmətlər üzrə strategiyanın işlənməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə xidmət göstərən mütəxəssislər üçün tədris proqramlarının hazırlanması və təlimlərin keçirilməsi, onların sosial və psixoloji reabilitasiyasını təmin edən mərkəzlərin şəbəkəsinin yaradılması və s. nəzərdə tutulmuşdur.


Layihə çərçivəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması üçün ayrıca internet saytı yaradılacaqdır.


BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi, UNFPA-nın Azərbaycandakı nümayəndəsi Bruno Pueza qadınlara qarşı zorakılıq məsələlərinə diqqətlə yanaşdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşəkkür etdi. O dedi ki, Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişaf sürəti problemlərin həllinə böyük imkanlar açır. 2000-ci ildə bütün dövlət başçıları, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış Minilliyin Bəyannaməsinə, xüsusilə də gender bərabərliyinə aid Minilliyin İnkişaf Məqsədinə dair Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərə uyğun olan və İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 60-cı ildönümü qeyd edildiyi ildə həyata keçirilməyə başlayan layihə Azərbaycanda qadınların insan hüquqlarının daha da yaxşı müdafiəsi üçün əlverişli şərait yaradacaqdır.


Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi, UNFPA-nın Azərbaycandakı nümayəndəsi Bruno Pueza “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsinə dair sənədləri imzaladılar.


FOTO