HAYDAR ALIYEV FONDU-MEMORANDUM .JPG
25 yanvar 2008

Heydər Əliyev Fondu ilə ABŞ-ın “Uşaqların Xilası” (Save the Children) təşkilatı arasında Anlaşma memorandumu imzalanıb

Yanvarın 25-də Heydər Əliyev Fondu ilə ABŞ-ın “Uşaqların Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanmışdır.


Memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Uşaqların Xilası” təşkilatının ölkəmizdəki nümayəndəsi Cef Cakomini imzalamışlar.


Əvvəlcə Fondun tarixi və fəaliyyəti ilə tanış olan qonaqlara bildirilmişdir ki, 2004-cü ilin mayında yaradılmış Heydər Əliyev Fondu Azərbaycanın ən tanınmış qeyri-hökumət təşkilatıdır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond mədəniyyət, təhsil, sosial həyat, səhiyyə və ekologiya sahələrində mühüm layihələr həyata keçirir.


Qonaqlara ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, görkəmli siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış olmuşlar.


Cef Cakomini imzalanma mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirmişdir ki, artıq 15 ildir ki ölkəmizdə fəaliyyət göstərən təşkilatın məqsədi qaçqın-köçkün ailələrindən olan və ehtiyac içində yaşayan uşaqların sosial həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarını təmin etməkdir. Bu niyyətlə Heydər Əliyev Fondu ilə ilk dəfə əməkdaşlıq edildiyini söyləyən C.Cakomini birgə səylərlə bu sahədə irəliləyişə nail olunacağına əminliyini söyləmişdir.


Xatırladaq ki, “Uşaqların Xilası” dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır.


Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma memorandumu uşaqların fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti nəzərdə tutur.


FOTO