27 mart 2007

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək" layihəsi ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanıb

Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırmağa başlamışdır.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək" layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

 

Novruz bayramı günlərində Lənkəran, Yevlax, Zərdab, Şəmkir, Samux, Xanlar, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Neftçala, Yevlax, Tovuz, Balakən və digər rayonlarda, Gəncə və Xırdalan şəhərlərində, Bakının müxtəlif rayonlarında da "Hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, yaşıllıqlar salınmış, park və xiyabanlarda təmizlik işləri görülmüş, ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu layihənin əhəmiyyəti açıqlanmışdır. Vətəndaşlar Azərbaycanın birinci xanımının təşəbbüsünü yüksək dəyərləndirərək, bu kampaniyada yaxından iştirak edəcəklərini bildirmişlər.