001.jpg
1 iyun 2012

Qala qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi açılıb

İyunun 1-də Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nın birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərginin açılışı olub. Sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdıran Fondun əməkdaşı İlqar Mustafayev ekoloji və sosialyönümlü layihələrin əhəmiyyətindən danışdı. Fondun təşəbbüsü ilə ətraf mühitin mühafizəsi istiqamətində bir çox tədbirlərin həyata keçirildiyi bildirildi. Belə layihələrin həyata keçirilməsinin məhz Qala qəsəbəsindən başlandığını qeyd edən İ.Mustafayev vurğuladı ki, həmin layihələrdən biri də artıq üç ildən artıqdır davam edən “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən tədbirlərdir.


“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov sərginin əhəmiyyətindən bəhs edərək vurğuladı ki, tullantı kimi atılan əşyaların heç də hamısı lazımsız deyildir. Biz ətraf mühitin qorunmasına daha çox diqqət göstərməliyik. Azərbaycanda bu istiqamətdə bir sıra proqramların və layihələrin həyata keçirildiyini diqqətə çatdıran Z.İbrahimov tullantıların idarə olunmasında əhalinin daha böyük rol oynadığını bildirdi. O, qeyd etdi ki, sərgidə əsərləri nümayiş olunan 20 rəssamdan beşi azərbaycanlıdır.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov sərginin açılışında çıxış edərək son illər mədəniyyət, sosial sahələrdə Azərbaycanda görülən işlərin sürətlə artdığını vurğuladı. Diqqətə çatdırıldı ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xüsusi rolu vardır. “Təmiz Şəhər” ASC-nin ekologiya və ətraf mühitə göstərdiyi diqqətin özəl sektor üçün nümunə ola biləcəyini bildirən M.Cabbarov belə sərgilərin ənənəvi hal almasının əhəmiyyətini qeyd etdi.


Sərginin Qala qəsəbəsində keçirilməsi heç də təsadüfi deyildir. “Təmiz Şəhər” ASC artıq iki ildir ki Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu qəsəbədə tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir.


Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Sərgidə ən bəsit və lazımsız materiallardan – tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.


Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə “alternativ incəsənət”, şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu sahənin sənətkarları metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar.


Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və digər ölkələrdən olan sənətkarların kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilir. Burada “Xalça”, “Qızıl tullantı”, “Yumşaq mebel”, “Motosiklet”, “Palitra” və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşadı.


Sərgi iyunun 10-dək ictimaiyyətə açıq olacaqdır.



FOTO

Paylaş: