25 dekabr 2012

“Təmiz Qala” tullantıların çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qala qəsəbəsində həyata keçirilən “Təmiz Qala” tullantıların çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.


Maarifləndirmə tədbirləri bu ilin sentyabr-dekabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri üçün keçirilib.


İlk növbədə Qala qəsəbəsinin məktəbliləri arasında makulaturanın yığılması üzrə yarış təşkil edilib. Orta məktəb şagirdləri istifadə olunmuş dəftər, albom, kitab və digər lazımsız kağız məmulatlarını toplayaraq “Təmiz Şəhər” ASC-yə təhvil veriblər. Ən çox makulatura toplayan məktəblilər sertifikat və hədiyyələrlə təltif olunublar. Aksiya nəticəsində 5 tonadək makulatura toplanılıb və təkrar emala göndərilib.


Bundan əlavə, ASC-nin mütəxəssisləri dekabr ayında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə mühazirələr oxuyublar. Tələbələrə yenicə istifadəyə verilmiş bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları haqqında ətraflı məlumat verilib. Mühazirələr tələbələr arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.


Tullantıların düzgün idarə olunmasını təbliğ etmək məqsədi ilə maarifləndirmə tədbirləri davam etdiriləcək.


Paylaş: