IMG_5235.gif
27 may 2013

Ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən “Kod Da Vinçi” turniri başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilən “Kod Da Vinçi” turniri başa çatıb.


“Kod Da Vinçi” məntiqi-intellektual komanda oyunu tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılmasına xidmət edir. Oyun zamanı komandalar növbəti mərhələyə keçmək üçün “açarları” axtarırlar. Oyunun aparıcısı tapşırığı hər bir komandanın kapitanına verir. Sualın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazidə gizlədilir. Oyunçular məntiqi sualların cavablarını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Sonda ən çox mərhələ dəf edən komanda qalib olur.


Oyunun birinci mərhələsi - Facebook sosial şəbəkəsində keçirilən turnir gənclər tərəfindən böyük maraqla qarşılanıb. “Təmiz Şəhər” ASC-nin Facebook səhifəsində yerləşdirilmiş sualların cavablandırılmasında gənclər fəal iştirak edib və ən çox xal toplamış 60 nəfər ikinci mərhələyə keçib.


Növbəti mərhələdə əsas hədəf Qala qoruğunun müxtəlif yerlərində gizlədilmiş “açarları” toplamaqla digər mərhələyə keçmək olub. 5 nəfərdən ibarət 12 komanda verilmiş məntiqi sualların “açarlarını” taparaq sualları cavablandırıblar. Beləliklə, verilmiş 10 sualı birinci və düzgün cavablandırmış 6 komanda final mərhələsində iştirak etmək haqqı qazanıb.


İçərişəhər ərazisində turnirin üçüncü - final mərhələsində 40 nəfər iştirak edib. Bu mərhələdə iştirakçılara daha mürəkkəb suallar verilib. Sualları hamıdan birinci cavablandıran komanda qalib olub.


Qaliblər “Təmiz Şəhər” ASC tərəfindən sertifikat və mükafatlarla təltif olunublar.


“Kod Da Vinçi” turniri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.


FOTO