14 iyun 2013

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçiriləcək

İyunun 16-dan 20-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ tərəfindən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçiriləcək.


Dünyanın müxtəlif ölkələrindən onlarla sənətkar sərgidə əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək incəsənət əsərləri ilə çıxış edəcəklər.


Beynəlxalq sərgiyə Azərbaycan rəssamları ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrin incəsənət nümayəndələri qatılacaqlar.


Ötən ilin iyun ayında Qala qəsəbəsində keçirilmiş Birinci “Tullantıdan Sənətə” sərgisindən fərqli olaraq, builki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində olmayacaq. Bu dəfə o, tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləməyə imkan yaradacaq.


Sərginin 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyəcəklər.


Sərgini ziyarət etmək istəyənlərin Qala Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar təmin olunacaq. Ziyarətçilər 17-19 iyun tarixləri ərzində hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər.


Paylaş: