20 iyun 2013

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi başa çatıb

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ-nin birgə təşkilatçılığı ilə keçirilən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi başa çatıb.


Beynəlxalq sərgidə 6-sı Azərbaycan rəssamı olmaqla bir çox ölkəni təmsil edən 24 incəsənət nümayəndəsinin işləri nümayiş olunub.


Ötən ilin iyununda Qala qəsəbəsində keçirilmiş “Tullantıdan sənətə” Birinci Beynəlxalq sərgidən fərqli olaraq, builki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində olmayıb. Bu dəfə tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləmək mümkün olub. İştirakçılar öz əsərləri üzərində elə pavilyondaca işləyiblər.


Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək idi. Sərgidə iştirakçılar ən bəsit və lazımsız materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı əsərlər yaradıblar.


Paylaş: