004.JPG
30 may 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.

 

Mehriban Əliyeva sərgidə nümayiş olunan işlərə baxıb, rəssamlarla fikir mübadiləsi aparıb.

 

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

 

Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların əl işləri də yer alır.

 

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

 

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıntıları və digər tullantılardan hətta incəsənət əsərləri düzəltməyin belə, mümkün olduğunu nümayiş etdirirlər.

 

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyənlər üçün İçərişəhərdən – Qoşa qala qapısının önündən gündə 2 dəfə – saat 12:00 və 15:00-da pulsuz avtobus turları təşkil olunacaq.

 

Sonra Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi ilə tanış olublar.

 

“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar hazırlayıb. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.

 

Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva “Qala festivalı” çərçivəsində təşkil olunmuş düşərgələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, o cümlədən burada yerləşən orta əsrlər dulusçuluq həyətində, arxeoloji qalereyada, XIX əsrə aid ikimərtəbəli evdə, gül və ərzaq bazarında, musiqi meydançasında da olub, festivalda iştirak edən uşaqlarla xatirə şəkilləri çəkdiriblər.

 

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən qonaqlar da qatılıblar.

 

Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edir.


Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival Azərbaycan xalqının zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır. Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş olunur, rəqs ansamblları çıxış edir, müxtəlif interaktiv oyunlar keçirilir.


FOTO

VİDEO

Paylaş: