HAF-QALA-SHUVALAN-IMECILIK (1).JPG
25 sentyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şüvəlan və Qala qəsəbələrində “Təmizlik naminə” şüarı altında iməcilik keçirilib

Sentyabrın 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər İnkişaf Fondu və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonunun Şüvəlan və Qala qəsəbələrində orta məktəb şagirdləri ilə birlikdə “Təmizlik naminə” şüarı altında iməcilik keçirmişlər.


Tədbirdə Şüvəlan qəsəbəsinin 156, 230 və 237 nömrəli və Qala qəsəbəsinin 185 nömrəli orta məktəblərindən 200-dən artıq şagird və müəllim heyəti iştirak etmişdir.


Aksiya zamanı şagirdlərə bərk məişət tullantılarının növləri, onların ətraf mühitə vurduğu ziyan, bu tullantıların zərərsizləşdirilməsi üsulları, tullantıların təkrar istifadəsi və bu sahədə Azərbaycanda, o cümlədən paytaxtımızda görülən işlər barədə məlumat verilmişdir.


Uşaqlar aksiyanın keçirildiyi ərazilərə onlar üçün ayrılmış avtobuslarla gəlmişlər. Tədbir zamanı Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna yaxın ərazilərdə və Şüvəlan çimərliyində ətraf mühitə atılmış müxtəlif növ plastik qab, kağız, karton və üzvi tullantılar toplanmış ərazilər zibildən təmizlənmişdir. Ərazilərdən toplanmış təkrar emala yararlı kağız, şüşə və plastik tullantıları “Təmiz şəhər” ASC tərəfindən qəbul edilmiş və təkrar emala yönəldilmişdir.


Şüvəlan çimərliyində aksiya zamanı məktəblilər arasında “Ən çox tullantı toplayan məktəb müsabiqəsi” keçirilmişdir. Birinci yeri tutmuş 156 nömrəli məktəbə kompyuter dəsti verilmişdir. Yarışın bütün iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.


“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, hər ilin sentyabrın son həftəsində dünyada “Planetimizi tullantılardan təmizləyək” aksiyası keçirilir. Ölkəmizdə 2010-cu il “Ekologiya ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Bu aksiya ətraf mühitə qayğı ilə yanaşılmasına böyük töhfədir.


Z.İbrahimov tədbirin keçirilməsində göstərdiyi təşəbbüs və dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, bu cür layihələrin gənc nəslin maarifləndirilməsi istiqamətində əhəmiyyətini vurğulamışdır.


Tədbir iştirakçıları bu cür aksiyaların mütəmadi keçirilməsindən, onun cəmiyyətimizdə əhəmiyyətindən danışmış, bu təmizliyin gündəlik həyatımızda da davam etdirilməsini arzulamışlar.


FOTO