FOND-TANISHLIQ-OLIMIYA CHEMPIONU.JPG
20 fevral 2010

Ağır atletika üzrə ikiqat Olimpiya çempionu Vasiliy Alekseyev və xanımı Olimpiada Alekseyeva Heydər Əliyev Fondunda olublar

Ağır atletika üzrə veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatının iştirakçıları - ikiqat Olimpiya, səkkizqat dünya və Avropa çempionu Vasiliy Alekseyev xanımı Olimpiada Alekseyeva ilə birlikdə fevralın 20-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Karyerası ərzində 80-dək dünya rekordu vuran V. Alekseyev XX əsrdə dünyanın ən güclü idmançısı elan olunmuşdur.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyevin idmana və idmançılara mislisiz qayğısı xüsusilə vurğulanmışdır.

 

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, bütün eksponatlar ulu öndərin arxivindən götürülmüşdür və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər, Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırması, məqsədyönlü siyasətinin həyata keçirilməsinin ayrı-ayrı anlarından xəbər verən tarixi fotosənədlər maraqla qarşılanmışdır.

 

Qonaqlar Fonddan zəngin təəssüratlarla ayrılmışlar.  


FOTO