HAF-QADIN DUNYASI-TANISHLIQ.JPG
13 iyul 2010

“Qadın dünyası” qəzetinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

İyulun 13-də “Qadın dünyası” qəzetinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

 

Fondun ekspozisiyası, dahi rəhbərin uşaqlıq və gənclik illərini əks etdirən fotolarla, ulu öndərin orta və ali məktəblərdə aldığı diplomlar və fərqlənmə sənədləri ilə tanış olan qonaqlara ümummilli liderin iş otağının interyeri, müxtəlif dövrlərdə aldığı fəxri fərman və sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, ulu öndərin ölkədə müstəqil mətbuatın formalaşmasında da böyük rolu olmuşdur. Görkəmli şəxsiyyət Heydər Əliyev kütləvi informasiya vasitələri ilə bağlı bir neçə tarixi sərəncam imzalamışdır.

 

Dahi rəhbərin neft strategiyası barədə məlumat, ulu öndərin dünyanın tanınmış siyasi, mədəni və elm xadimləri ilə çəkdirdiyi şəkillər Fondun ziyarətçilərində xüsusi maraq yaratmışdır.

 

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssürat aldıqlarını bildirmişlər.

 

Vurğulanmışdır ki, qəzetin keçirdiyi sorğuya əsasən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilin ən mərhəmətli və fəal deputatı seçilmişdir. Qəzetin əməkdaşları bununla bağlı Fonda hədiyyə təqdim etdilər. 


FOTO