HAF-ELM FONDU KOLLEKTIV-ZIYARET.jpg
8 dekabr 2010

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kollektivi Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kollektivi dekabrın 8-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının, elm mərkəzlərinin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

 

Məlumat verilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

 

Diqqətə çatdırılmışdır ki, Azərbaycan elminin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Cəmiyyətin inkişafında elmin rolunu yüksək qiymətləndirən böyük şəxsiyyət Heydər Əliyev ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması, eləcə də Azərbaycan elminin dünya elmi məkanına qovuşmasını hər zaman diqqət mərkəzində saxlamışdır.

 

Sonra qonaqlar Heydər Əliyev Fondunun Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, musiqimizin şah əsəri olan muğamın, eləcə də Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətində nəşr etdirdiyi kitablar, disklər, albomlar, eləcə də uşaqlar üçün hazırlanmış dərs vəsaitləri ilə tanış olmuşlar.

 

Sonda ümummilli lider Heydər Əliyevin mənalı ömrü və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.

 

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


FOTO