FOND-MSK.jpg
7 sentyabr 2009

Mərkəzi Seçki Komissiyasının nümayəndələri və dairə seçki komissiyalarının sədrləri Heydər Əliyev Fondunda olublar

Sentyabrın 7-də Mərkəzi Seçki Komissiyasının nümayəndələri və dairə seçki komissiyalarının sədrləri Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

 

Fondun ekspozisiyası, dahi rəhbərin uşaqlıq və gənclik illərini əks etdirən fotolarla, ulu öndərin orta və ali məktəblərdə aldığı diplomlar və fərqlənmə sənədləri ilə tanış olan qonaqlara ümummilli liderin iş otağının interyeri, müxtəlif dövrlərdə işlədiyi zaman aldığı fəxri fərman və sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər barədə ətrafda məlumat verilmişdir.

 

Dahi rəhbərin neft strategiyası barədə məlumat, ulu öndərin dünyanın tanınmış siyasi, mədəni və elm xadimləri ilə çəkdirdiyi şəkillər qonaqlarda xüsusi maraq yaratmışdır. Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar. 


FOTO