22 noyabr 2009

Bakıda keçirilən Beynəlxalq tibb simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən Beynəlxalq tibb simpoziumunun iştirakçıları noyabrın 22-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara Fondun fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxmışlar.

 

Qeyd edilmişdir ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olmuşdur.

 

Ulu öndərin səhiyyə, mədəniyyət, incəsənət, idmana göstərdiyi qayğıdan danışılmışdır.

 

Simpoziumun iştirakçıları Fonddan zəngin təəssüratlarla ayrılmışlar.