001.JPG
3 avqust 2012

Həştərxan məktəbliləri Heydər Əliyev Fondunda olublar

Həştərxandakı Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri Azərbaycana səfərləri çərçivəsində avqustun 3-də Heydər Əliyev Fondunda olublar. Məktəblilərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verildi.


Bildirildi ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Məktəblilər ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolarla, habelə müxtəlif eksponatlarla tanış oldular.


Məlumat verildi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ulu öndərin fəaliyyətinin bəhrələridir.


Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.


Məktəblilər Fonddan zəngin təəssüratla ayrıldılar.



FOTO