2 fevral 2006

Beynəlxalq konfrans iştirakçıları Heydər Əliyev Fondunda olublar

Fevralın 2-də Bakıda işə başlayacaq Dünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərləri Konfransının iştirakçıları fevralın 1-də Heydər Əliyev Fondunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolunu, siyasi fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olmuşlar.


38 ölkənin gömrük xidmətlərinin və 6 beynəlxalq təşkilatın rəhbərlərinin qatıldığı konfransın iştirakçıları dünya şöhrətli siyasi xadimin, dahi rəhbərin, hər kəsə örnək olan, böyük siyasətçilərin belə qibtə etdiyi Heydər Əliyevin uşaqlıq illərindən tutmuş, ictimai-siyasi karyerasının zirvəsinə qədər, müstəqil Azərbaycanın qurucusu kimi fəaliyyətinin bütün məqamlarını əks etdirən fotoşəkillərlə, ona aid əşyalarla, rəsmi sənədlərlə tanış olmuşlar. Ekspozisiyada Heydər Əliyevin hərtərəfli fəaliyyətinin bütün anları kinolentlərin yaddaşında, xatirə şəkillərində əksini tapmışdır. Xarici qonaqlara məlumat verilərək bildirildi ki, bu böyük ömrün salnaməsi hər bir azərbaycanlının qürur mənbəyidir. Çünki xalqın ən çətin günündə onun yanında olan, millətinin dayağına çevrilən Heydər Əliyev Azərbaycanla bərabər daim yaşayacaq. Ekspozisiya ilə tanışlıq qonaqlar üçün son dərəcə maraqlı oldu. Çünki onların əksəriyyəti hələ sağlığında ikən Heydər Əliyevlə təmasda olmuş, onun dünya gömrük işinə dair tövsiyələrindən bəhrələnmişlər. Buna görə də böyük ömrün yaddaşlara əbədi həkk olunmuş anları onlara unudulmaz təsir bağışladı.