002.jpg
6 aprel 2006

Auditorlar Palatasının əməkdaşları Heydər Əliyev Fondunda olublar

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il sentyabrın 16-da imzalanmış "Auditor xidməti haqqında" Qanuna uyğun olaraq, müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 ili münasibətilə qurumun əməkdaşları ulu öndərin şəxsiyyətinə hörmət və ehtiramlarını bir daha ifadə etmək üçün aprelin 6-da Heydər Əliyev Fondunda olmuşlar.


Auditorlar Fondun zəngin ekspozisiyasına baxdılar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurdu. Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı. Palatanın əməkdaşları ulu öndərin valideynləri, sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, habelə övladları ilə çəkdirdiyi şəkillərə xüsusi maraqla baxdılar.


Sonra onlar Fondun kinosalonunda ulu öndərə həsr olunmuş "Böyük ömrün anları" filminə tamaşa etdilər, xatirə şəkli çəkdirdilər.


FOTO