1.jpg
22 fevral 2006

Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunda olub

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də, birgə mətbuat konfransından sonra Heydər Əliyev Fonduna gəldilər.


Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Rusiya rəhbərini səmimiyyətlə qarşıladı.


Prezident Vladimir Putinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı söhbət açdı.


Rusiyanın dövlət başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu, dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkillərinə, ailə albomuna xüsusi diqqət yetirdi. Vladimir Putin dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə, habelə onun Avropa, Asiya ölkələrinin liderləri ilə şəkillərinə böyük maraqla baxdı.


Rusiya Prezidenti sonra Xatirə kitabına ürək sözlərini yazdı:


"Heydər Əliyev Fondunun fəaliyyəti ilə böyük maraqla tanış oldum. Fond Azərbaycan xalqının görkəmli oğlunun xatirəsini nəinki yaşadır, həm də mühüm istiqamətlərdən birində onun işini davam etdirir, insanlara ən müxtəlif humanitar sahələrdə - təhsil, səhiyyə və s. sahələrdə kömək göstərir.


Sizə uğurlar diləyirəm!


Vladimir Putin


22.02.2006"

 

Mehriban xanım Əliyeva Prezident Vladimir Putinə xatirə hədiyyələri təqdim etdi.


Sonra xatirə şəkli çəkildi.


Ali qonaq Fonddan xoş təəssüratla ayrıldığını bildirdi.


FOTO