01.JPG
12 dekabr 2007

Ümummilli lideri anma günündə bir sıra təşkilatların nümayəndələri Heydər Əliyev Fondunda olublar

Ümummilli liderin xatirəsini yad etmək üçün bir sıra qurumların nümayəndələri ulu öndəri anma günü - dekabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Günün birinci yarısında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Milli Məclisin bir qrup deputatı Fonda gəlmişlər.

 

Onlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış olmuşlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Ziyarətçilər arasında Fonda bir neçə dəfə gələnlər olsa da, hər kəs bu dahi şəxsiyyətin keçdiyi həyat yoluna yenidən nəzər yetirməkdən fərəh hissi duyurdu.

 

Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş “Böyük ömrün anları” filmi göstərildi. Fenomen şəxsiyyətin mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kəlamlar da səslənir, onun Vətənə, xalqa nə qədər dərindən bağlı olduğu bir daha əyani şəkildə göz önündə canlanırdı. Xüsusilə nəvəsi Heydərin dünyaya gəlişindən necə böyük sevinc hissi keçirməsi filmin ən təsirli məqamlarındandır.

 

Günün ikinci yarısında isə Fonda “AtaHoldinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Televiziyasının təşkil etdiyi muğam müsabiqəsinin iştirakçıları gəlmişlər.

 

Ziyarətçilər əsas məqsəd və vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək, gələcək nəsillərə çatdırmaq olan Fondun qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, habelə talassemiya, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri yüksək dəyərləndirmişlər.

 

Xalqını, vətənini sevən hər bir azərbaycanlının qəlbində ümummilli lider Heydər Əliyevin əbədi heykəli vardır. Gənc nəslin borcu onun zəngin həyatını, elmi-nəzəri irsini öyrənib əxz etməkdir. Fondla tanışlığın hamıda zəngin təəssürat doğurduğu, bu müqəddəs məbədgahın yaranmasında, Heydər Əliyev irsinin tədqiq edilib toplanmasında, təbliğində, dünyaya çatdırılmasında Fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlərin ən yüksək qiymətə layiq olduğu diqqətə çatdırılmışdır.

 

Ziyarətçilər Fondla tanışlıqdan aldığı zəngin təəssüratların onlarda unudulmaz hisslər doğurduğunu, bu böyük şəxsiyyətin ideyalarının xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulamışlar.

 


FOTO