002.jpg
27 mart 2006

Moldovanın maarif, gənclər və idman naziri Viktor Svirkun və onu müşayiət edən şəxslər Heydər Əliyev Fondunda olublar

Moldovanın maarif, gənclər və idman naziri Viktor Svirkun və onu müşayiət edən şəxslər martın 27-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə öz hörmət və ehtiramlarını bildirmək üçün buraya gələn qonaqları salamladı.


Nümayəndə heyəti Fondun ekspozisiyaları ilə tanış oldu. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.


Əsas məqsədləri, vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq olan Fondun qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, habelə talassemiya, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri yüksək dəyərləndirən nazir, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ötən il respublikanın regionlarında 132 məktəbin tikilib istifadəyə verilməsinin, bu il daha 100 məktəbin inşasına başlanmasının nadir tarixi hadisə olduğunu bildirdi.


Moldovada da azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə böyük ehtiram göstərildiyini bildirən nazir, Azərbaycan Prezidenti İlham Əliyev ilə Moldova Prezidenti Vladimir Voronin arasında xoş münasibətlərin olduğunu, ölkəsinin rəhbərinin də 2004-cü ilin oktyabrında Bakıya səfəri zamanı bu Fondu ziyarət etdiyini xatırlatdı. Gənc nəslin böyük şəxsiyyətin zəngin həyatını, elmi-nəzəri irsini öyrənməsinin əhəmiyyətini vurğulayan Viktor Svirkun, Fondla tanışlığın onlarda zəngin təəssürat doğurduğunu, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinin ən yüksək qiymətə layiq olduğunu bildirdi.


FOTO