0.jpg
9 iyun 2006

Litva prezidenti Valdas Adamkus və xanımı Alma Adamkiene Heydər Əliyev Fondunda olublar

Litva Prezidenti Valdas Adamkus və xanımı Alma Adamkiene iyunun 9-da Heydər Əliyev Fondunda olmuşlar.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Litvanın dövlət başçısını və onun xanımını böyük səmimiyyətlə qarşıladılar.

 

Ali qonaq və xanımı müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən nadir fotoşəkillərlə tanış oldular, ümummilli liderə məxsus əşyalara maraqla tamaşa etdilər.

 

Litva Prezidentinə Azərbaycan xalqının dahi oğlunun xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev ümummilli liderin müxtəlif dövrlərdəki fəaliyyəti ilə bağlı tarixi fotolar əsasında Litva Prezidentinə məlumat verdi. Sovetlər Birliyi zamanında Azərbaycana rəhbərlik etdiyi, SSRİ rəhbərliyində çalışdığı illər, ən nəhayət, müstəqil Azərbaycanın Prezidenti olduğu tarixi dövr bu fotoşəkillərdə geniş əksini tapmışdır. Dünyanın böyük siyasi və dövlət xadimləri ilə keçirdiyi diplomatik görüşləri yada salan nadir fotolar da böyük maraq doğurdu.

 

Litva Prezidenti Valdas Adamkus Fondla tanışlıqdan sonra Xatirə kitabına öz ürək sözlərini yazdı.

 

Fondun prezidenti Mehriban xanım Əliyeva ali qonağa hədiyyə təqdim etdi.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Valdas Adamkus və xanımları Fondun binasının eyvanından Bakının mənzərəsini, o cümlədən qədim İçərişəhəri seyr etdilər.

 

Dövlət başçıları və xanımları sonra çay süfrəsi arxasında səmimi söhbət etdilər.

 

Prezident İlham Əliyev Prezident Valdas Adamkusa respublikamıza səfəri zamanı keçirdiyi görüşləri əks etdirən fotoalbom təqdim etdi.

 

Dövlət başçıları və xanımları xatirə şəkli çəkdirdilər.


FOTO