15 mart 2006

Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri Heydər Əliyev Fondunda olublar

Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Bakıya gəlmiş nümayəndələrin böyük bir qrupu martın 15-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə məhəbbətini ifadə etmək üçün müxtəlif ölkələrdən buraya gələn qonaqları Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.


Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu. Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı. Qonaqlar ulu öndərin valideynləri, sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə, övladları ilə çəkdirdiyi fotoşəkillərə xüsusi maraqla tamaşa etdilər.


Qurultay nümayəndələrinə Fondun məqsədləri, yarandığı vaxtdan bəri gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında, beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verildi. Onlar Fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına da baxdılar.


Sonra qonaqlar Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filminə tamaşa etdilər, xatirə şəkli çəkdirdilər.


Fondu ziyarət edən nümayəndənin hər birinə Heydər Əliyev Fondunun buraxdırdığı "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.