002.jpg
31 may 2006

Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti və onu müşayiət edən nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti mayın 31-də Heydər Əliyev Fondunda olmuşlar.


Nümayəndə heyətinə böyük öndərimizin ömür yolu və fəaliyyəti ilə bağlı bütün məlumatları qayğıkeşliklə toplayıb, bu ocaqda qoruyub saxlayan Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fondun yaranmasında xidmətlərindən söhbət açıldı, məqsəd və məramlarından danışıldı. Sonra qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Nümayəndə heyətinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.


Şahzadə və onu müşayiət edən şəxslər dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxdılar.


Ümummilli liderimizin Səudiyyə Ərəbistanına səfərləri, burada keçirdiyi görüşlərlə bağlı materiallar, fotoşəkillər xüsusi maraqla qarşılandı.


Fondun ziyarətçiləri əsas məqsəd və vəzifəsi Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq olan Fondun qayğıya və köməyə ehtiyacı olan konkret insanların, xüsusilə gənclərin problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, habelə talassemiya, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri də yüksək dəyərləndirdilər.


Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləziz Fondun xatirə kitabına ürək sözlərini yazdı.


Sonda qonaqlara Heydər Əliyev Fondu adından hədiyyələr verildi.


FOTO