Qara dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının Bakıda keçirilən 8-ci illik iclasının iştirakçıları iyunun 11-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara böyük öndərimizin ömür yolu və fəaliyyəti ilə bağlı bütün məlumatları qayğıkeşliklə toplayıb, bu ocaqda qoruyub saxlayan Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fondun yaranmasında xidmətləri, Fondun məqsəd və məramı barədə ətraflı məlumat verilmişdir. Sonra qonaqlar Fondda nümayiş etdirilən ekspozisiya ilə tanış olmuşlar. Ziyarətçilərə ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər barədə də geniş bilgi verilmişdir.
Müxtəlif ölkələri təmsil edən qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxmışlar.
Ziyarətçilər əsas məqsəd və vəzifəsi Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq olan Fondun fəaliyyətini yüksək dəyərləndirmişlər.
Sonda qonaqlara Heydər Əliyev Fondu adından hədiyyələr verilmişdir.