YAP GANCLAR - HEYDER ALIYEV FONDU - ZIYARAT_(FOTO AYDIN MEMMEDOV).jpg
14 iyun 2006

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri iyunun 14-də Heydər Əliyev Fondunda olmuşlar.


Ulu öndərimizin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyasının gənc üzvləri Milli qurtuluş günü ərəfəsində ulu öndərin ömür yolu və fəaliyyəti ilə bir daha yaxından tanış oldular. Qonaqlara ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin bir çox dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi. Bu məlumatları qayğıkeşliklə toplayan, qoruyub saxlayan Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərindən söhbət açıldı. Sonra gənclər Fondun sərgi və ekspozisiyası ilə tanış oldular.

 

Ziyarətçilər dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin yarım əsrdən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, bu böyük insana həsr olunmuş kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxdılar.

 

Gənclər xalqımızın tarixinin həm çətin, həm də şərəfli dövrü - 1990-cı illərin əvvəlləri ilə bağlı materiallarla tanış oldular. Onlar Azərbaycan xalqının müdrikliyi, ümummilli liderimizin zəngin siyasi təcrübəsi, biliyi, cəsarəti sayəsində ölkəmizin o mürəkkəb şəraitdən şərəflə çıxdığını bir daha vurğuladılar. Ziyarətçilər Heydər Əliyev Fondunun qayğıya və köməyə ehtiyacı olan insanların, xüsusilə gənclərin problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işlərin xalq arasında rəğbətlə qarşılandığını söylədilər.

 


FOTO