001.jpg
28 sentyabr 2006

Müstəqil Dövlətlər Birliyi Onkoloqları və Radioloqlarının IV qurultayının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Müstəqil Dövlətlər Birliyi onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları sentyabrın 28-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləmək, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara baxdılar. Görkəmli dövlət xadiminin Moskvada SSRİ hökumətinin rəhbərlərindən biri kimi daim səhiyyə sisteminin, onun maddi-texniki bazasının inkişafında, təşkilati məsələlərin həllində böyük xidmətləri olduğu razılıq hissi ilə xatırlandı.

 

Onkoloqlar və radioloqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı Heydər Əliyevlə birlikdə çəkilmiş fotolarına, Heydər Əliyevin 1942-ci ildə çəkdiyi "Zərifə 12 yaşında" rəsminə xüsusi maraqla baxdılar. Onların hər ikisinin dünyanın məşhur tibb alimləri ilə, səhiyyəyə həsr edilmiş beynəlxalq tədbirlərdə çəkilmiş xatirə şəkilləri qonaqlarda böyük təəssürat doğurdu.

 

Sonra qurultay iştirakçıları kinosalonda Heydər Əliyev Fondunun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr olunmuş sənədli filmə baxdılar. Onlar ixtisasca həkim olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, xüsusilə səhiyyə sahəsində gördüyü dəyərli işləri yüksək qiymətləndirdilər.

 

Qonaqlara Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitablar hədiyyə edildi. MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi Vladimir Ruşaylo da qonaqlarla birlikdə Fondda olmuşdur.


FOTO