2.jpg
8 oktyabr 2004

Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova Heydər Əliyev Fondunda olublar

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova Heydər Əliyev Fondunda olmuşlar.


Burada Bolqarıstanın dövlət başçısına və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.


Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar barədə ətraflı söhbət açdı.


Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Bolqarıstanın dövlət başçısı və xanımı Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa ölkələrinin liderləri ilə birgə çəkilmiş fotoşəkillərinə xüsusi maraqla baxdılar.


Bolqarıstan Prezidenti Georgi Pırvanov Fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı: "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsi önündə baş əyirəm.


Biz öz ölkəsinin inkişafı, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, Avropaya inteqrasiya istiqamətində çoxlu enerji və qüvvə sərf etmiş bu siyasətçini və dövlət xadimini həmişə minnətdarlıqla xatırlayacağıq.


İnanıram ki, Heydər Əliyevin dost Azərbaycan xalqının işıqlı gələcəyi naminə gördüyü işlər və onun ideyaları bundan sonra da layiqincə davam etdiriləcəkdir".


Dövlət başçıları və qonaqlar Fondun eyvanından Bakının mənzərəsini seyr etdilər.


Sonra söhbət çay süfrəsi ətrafında davam etdirildi.


FOTO

Paylaş: