004.JPG
17 aprel 2013

“Sülh göyərçinləri” Beynəlxalq Forumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

MDB-nin üzvü olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə Bakıda keçirilən və Birlik ölkələrinin, Baltikyanı dövlətlərin, Gürcüstanın təmsil olunduqları “Sülh göyərçinləri” Beynəlxalq Forumunun iştirakçıları aprelin 17-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ziyarətə gələn forumun iştirakçılarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.


Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər.


Sonra forumun iştirakçıları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxıblar.


FOTO