iqtisadi-inkishaf-nazirliyi-fond-ziyarat.jpg
19 aprel 2013

İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları aprelin 19-da Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn qonaqlara Fondun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Nazirliyin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonra qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.