Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 24-də Heydər Əliyev Fondunda olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, Fond Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə köməklik göstərir.
Latviya Prezidenti ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə və müxtəlif eksponatlarla tanış oldu.
Heydər Əliyevin hakimiyyəti dövrünün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğu Andris Berzinşin nəzərinə çatdırıldı. Bildirildi ki, bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.
Latviya Prezidenti Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxdı.
Andris Berzinş Fondun Xatirə kitabına ürək sözlərini yazdı.
Ona Heydər Əliyev Fondunun xatirə hədiyyəsi təqdim edildi.