atletiko-madrid-fond-ziyarat-.jpg
29 aprel 2013

İspaniyanın “Atletiko Madird” futbol klubunun kollektivi Heydər Əliyev Fondunda olublar

Azərbaycanın “Bakı” futbol klubunun “All Star of Azerbaijan” komandası ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizdə səfərdə olan İspaniyanın və dünyanın ən tanınmış klublarından biri - “Atletiko Madrid” komandasının oyunçuları aprelin 29-da Heydər Əliyev Fondunu ziyarət ediblər.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə təsadüf edən ziyarət zamanı qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib, onun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib.


Qeyd olunub ki, Azərbaycanda idmanın inkişafına daim diqqət və qayğı göstərən Heydər Əliyev ölkəmizdə Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı olub. Ümummilli liderin bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda idmanın kütləviliyinə nail olunub, yüksək nailiyyətlər qazanılıb. Son bir neçə ildə respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilib, bir sıra mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


FOTO

VİDEO