000.gif
3 may 2013

Baş Prokurorluğun əməkdaşları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir.


Qeyd olunub ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılması məhz Heydər Əliyevin zəhmətinin bəhrəsidir.


Prokurorluğun əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara, görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə baxıblar.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO