Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunu ziyarət ediblər.
Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan nazirliyin əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.
Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.