Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin zabit, miçman və matros heyəti mayın 4-də Heydər Əliyev Fondunu ziyarət ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənərək geniş ictimaiyyətə çatdıran Fond bu məqsədlə müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirir, Azərbaycan mədəniyyətinin və tarixinin təbliğində yaxından iştirak edir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin ən müxtəlif məqamlarını əks etdirən, özündə tariximizin bütöv bir dövrünü yaşadan fotoşəkillərə və eksponatlara baxan zabit, miçman matros heyəti görkəmli siyasi xadimin keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.
Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.