DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvləri mayın 7-də Heydər Əliyev Fondunda olublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn assosiasiya üzvlərinə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.
Assosiasiyanın üzvləri Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə dl tamaşa ediblər.
Sonda qonaqlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.