aasmn-amakdashlar-fond-ziyarat.jpg
10 may 2013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları mayın 10-da Heydər Əliyev Fondunu ziyarət ediblər.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.


ƏƏSMN-in əməkdaşları Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıblar.


Paylaş: