M.CHUKANOVICH-FOND-TANISHLIQ.JPG
22 dekabr 2011

Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri Milo Çukanoviç Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviç dekabrın 22-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Milo Çukanoviç ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolarla, habelə müxtəlif eksponatlarla tanış olmuşdur. Məlumat verilmişdir ki, fenomen şəxsiyyət Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.


Qonaq dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuşdur. Milo Çukanoviç ulu öndərin xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla baxmışdır.


Sonra qonaq Fondun fəaliyyətindən bəhs edən videoçarxı izləmişdir.


Milo Çukanoviç Fondun xatirə kitabına ürək sözlərini yazmışdır.



FOTO